“Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bir çox etnik qruplar var. Bu etnik qrupların bəziləri, bir neçəsi, onlara mənsub olan insanlar Qarabağda erməni əhalisindən qat-qat çoxdur. Onların hamısı sülh içində yaşayır, onlar bütün hüquq və təminatlardan faydalanırlar. Bizim Qarabağ ermənilərinə etdiyimiz təklifdə, hansı ki, yeri gəlmişkən, ictimai şəkildə açıqlanıb, biz, həmçinin onların hüquqlarını da nəzərə almışdıq. Onların dil, tədris, din, bələdiyyə hüquqlarını nəzərə almışdıq. Onlar bələdiyyə seçkiləri vasitəsilə öz nümayəndələrini seçə bilərlər və orada yaşamağa davam edə bilərlər. Tərk etmək qərarı onların öz qərarı idi və bizim indi əldə etdiyimiz məlumata əsasən, bu dırnaqarası “dağlıq qarabağ respublikası”nın dırnaqarası “sabiq rəhbərləri”nin qəsdən etdiyi hərəkət idi. Onlara oranı tərk etməyə ehtiyac yox idi, lakin onlar tərk etmək qərarını verdikdə biz onları dayandıra bilməzdik”.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.
Dövlətimizin başçısı bildirib:
“Biz onlar oranı sülh şəraitində tərk etsinlər deyə onlara maksimum dərəcədə rahat şərait yaratdıq. Azərbaycanlılara qarşı tam əksi edilib. Azərbaycanlılar otuz il bundan əvvəl ya qətlə yetirilib, ya da deportasiya olunub, işgəncələrə məruz qalıb, həbs ediliblər və onların bəziləri yüksək dağlıq əraziləri aşmaq məcburiyyətində qalaraq həmin ərazilərdə donub ölüblər. Bu, sənədlərlə təsdiq edilib. Qarabağ bölgəsinin ermənilərinin Ermənistana daxil olmaları da sənədləşdirilib və hər şey humanitar standartlara əsasən edilib”.
Qayıtmaq istəyən ermənilərin Azərbaycanın açdığı elektron portalda qeydiyyatdan keçərək geri qayıtmaq, Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini bildirməli olduqlarını vurğulayan dövlət başçısı qeyd edib:
“Onların bir neçəsi artıq vətəndaşlıq üçün müraciət edib və hazırda onların müraciətlərinə baxılır. Bəzi ermənilər Qarabağda qalmağa qərar verdilər və indi bizim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Miqrasiya Xidməti onların qeydinə qalır, onları qeydiyyata salır”.