Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
Bu barədə “BelTA” agentliyi Belarus liderinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Dövlət başçıları hər iki ölkədəki vəziyyəti müzakirə edib, aktual mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Lukaşenko Belarusa karbohidrogenlərin tədarükünə görə Əliyevə təşəkkür edib. Dövlət başçıları məmnunluqla ölkələr arasında ticarət dövriyyəsinin artmasını və ikitərəfli münasibətlərin inkişafında böyük potensialın olduğunu qeyd ediblər.
Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə danışaraq, bir müddət əvvəl ortaya çıxan məlum hadisə ilə bağlı Azərbaycanın mövqeyini bildirib.
Lukaşenko qeyd edib ki, Belarus vəziyyətin yaxın günlərdə həll olunacağına ümid edir.
İkitərəfli Belarus-Azərbaycan gündəliyinə gəlincə, dövlət başçıları Belarus Prezidentinin Azərbaycana səfəri zamanı əldə olunan əməkdaşlıq sahələrini və razılaşmaların həyata keçirilməsini əsaslı şəkildə müzakirə ediblər. Yaxın gələcəkdə Azərbaycanın şəhərsalma üzrə mütəxəssislərindən ibarət nümayəndə heyəti Belarusa gələcək, belaruslu həmkarları ilə birlikdə azad edilmiş ərazilərdə tikinti işlərinə başlamaq üçün plan hazırlanacaq.
Bundan əlavə, Azərbaycandan kənd təsərrüfatı heyətinin gəlməsi də gözlənilir.
“Ümumiyyətlə, qarşıdakı görüşlər çərçivəsində Belarus inşaatçılarının və digər mütəxəssislərin Azərbaycanda işi üçün konkret planlar tərtib ediləcək”, - deyə mətbuat xidmətindən bildirilib.