"Biz 1950-ci ildən etibarən hər il aprelin 7-də Ümumdünya Sağlamlıq Gününü qeyd edirik. Lakin 2021-ci ildə sağlamlığın əhəmiyyəti daha da artmışdır. Müasir, davamlı, yüksəkkeyfiyyətli səhiyyə sisteminə sahib olmaq hər bir ölkə üçün prioritetdir".
Bu fikirləri Prezident İlham Əliyev aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə təqdim olunan videomüraciətində bildirib.
Dövlət başçısı deyib ki, hazırda Azərbaycanda səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir: "Azərbaycan icbari tibbi sığorta tətbiq etməklə ilkin tibbi yardımı gücləndirir, təcili tibbi yardım xidmətlərini yeniləyir, ölkədə elektron səhiyyə platforması və dövlət səhiyyə hesablarını istifadəyə verməklə rəqəmsallaşmanı təmin edir".