Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
AZƏRTAC-da dərc olunan təbrik mətnində deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Müasir Azərbaycanın davamlı inkişaf və firavanlaşma yolunda nailiyyətləri Sizin dövlət başçısı vəzifəsində konstruktiv və uzaqgörən siyasətinizin nəticəsidir.
Siz yüksək peşəkarlığınız və qazandığınız həyat təcrübəsi sayəsində bizə dost Azərbaycanın suverenliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsinə böyük töhfə verirsiniz, xalqınızın rifahının və ölkənizin beynəlxalq arenada nüfuzunun artmasını təmin edirsiniz.
Biz ölkələrimizin xalqlarını bir-birinə bağlayan tarixi dostluq, qarşılıqlı anlaşma və dəstək ənənələrinə əsaslanan çoxplanlı Tacikistan-Azərbaycan əlaqələrinin inkişafı üçün Sizin mühüm səylərinizi yüksək qiymətləndiririk.
Yüksək səviyyədə müntəzəm siyasi dialoq iki ölkənin dövlətlərarası əməkdaşlıq münasibətlərinin ardıcıl olaraq möhkəmlənməsinin mühüm amilidir. Əminəm ki, biz xalqlarımızın rifahı naminə bu münasibətləri bundan sonra da dərinləşdirəcəyik.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi arzulayıram”.