Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib - YENİLƏNİB-3 » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |    

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib - YENİLƏNİB-3

Prezident İlham Əliyev sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə nitq söyləyib.

Median.Az
-ın report-a istinadən məlumatına görə, dövlət başçısı deyib:

"Hörmətli xanımlar və cənablar, əziz dostlar.

Bu gün Azərbaycanda çox əlamətdar bir gündür. Bu gün biz Neftçilər Gününü qeyd edirik. Bütün Azərbaycan neftçilərini peşə bayramı münasibətilə ürəkdən təbrik edirəm, onlara yeni uğurlar, yeni qələbələr arzulayıram.

Neftçi peşəsi Azərbaycanda həmişə çox hörmətli peşə olub. Bu gün də belədir, sabah da belə olacaq. Azərbaycan neftçiləri ölkəmizin iqtisadi qüdrətinin artırılması istiqamətində çox böyük işlər görüblər, böyük töhfələr veriblər. Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır.

Bildiyiniz kimi, dünyada sənaye üsulu ilə ilk neft məhz Azərbaycanda hasil edilmişdir. Bu gün şəhərimizin mərkəzində dünyanın ilk neft quyusu bir turizm obyekti kimi fəaliyyət göstərir. O gündən bu günə qədər Azərbaycanda böyük həcmdə neft hasil edilmişdir. Bildiyiniz kimi, dəniz yataqlarından da dünya miqyasında ilk neft Azərbaycanda hasil edilmişdir və bu gün biz Azərbaycan neft sənayesinin yeni mərhələsinin şahidiyik.

Bu gün Azərbaycan nefti müstəqil Azərbaycan dövlətinə xidmət göstərir. Biz hamımız yaxşı xatırlayırıq ki, “Əsrin kontraktı”nın imzalanması ölkəmizin yeni mərhələyə qədəm qoymasına şərait yaratdı. 1990-cı illərin əvvəllərində gənc müstəqil Azərbaycan dövləti çox böyük çətinliklərlə, çağırışlarla üz-üzə qalmışdı. Ovaxtkı hakimiyyətin səriştəsizliyi, yarıtmaz fəaliyyəti, xəyanətkar addımları ölkəmizi uçurum kənarına qoymuşdu. 1991-1993-cü illər ağır faciəli illər kimi tariximizdə qalacaq. Ölkəmizi böhran bürümüşdü - siyasi, iqtisadi böhran, sənaye iflic vəziyyətdə idi. İqtisadi sahədə yaşanan tənəzzül gənc müstəqil ölkənin inkişafı üçün çox böyük maneələr törədirdi.

Azərbaycan xalqı özünə xas müdriklik nümayiş etdirərək 1993-cü ildə ulu öndər Heydər Əliyevə üz tutub, onu hakimiyyətə dəvət etmişdir. O gündən bu günə qədər Azərbaycan sabitlik dövrü yaşayır, Azərbaycan inkişaf yolu ilə gedir. 1993-cü ildən bu günə qədər aparılan islahatlar, görülmüş işlər Azərbaycanı dünya miqyasında uğurla inkişaf edən ölkə kimi tanıdır. O vaxt iqtisadi və siyasi sahədə yaşanan böhran böyük təhlükə mənbəyi idi. Heydər Əliyevin cəsarəti, uzaqgörənliyi, fədakarlığı Azərbaycanı bütün bəlalardan qoruya bilmişdir. Vətəndaş müharibəsinə son qoyuldu, Azərbaycan islahatlar yoluna qədəm qoydu. Müstəqil dövlətin Konstitusiyası qəbul edildi. Qeyri-qanuni silahlı birləşmələr tərk-silah edildi, ölkədə qayda-qanun yaradıldı. Əlbəttə ki, ölkəmizin gələcək inkişafı ilə bağlı ciddi addımlar atılmalı idi və “Əsrin kontraktı”nın imzalanması bu addımlar sırasında xüsusi yer tutur.

“Əsrin kontraktı”nın imzalanması tarixi hadisədir. Bu kontraktın faydasını bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı görür. Təsəvvür etmək çətindir ki, əgər “Əsrin kontraktı” imzalanmasaydı, Azərbaycan o vaxt nəyin hesabına öz iqtisadi inkişafını təmin edə bilərdi. Biz nəyin hesabına uğurla inkişaf edə bilərdik. “Əsrin kontraktı”nın bizim müstəqil tariximizdə xüsusi yeri, xüsusi rolu var. Bu kontraktın imzalanması da asan məsələ deyildi. Uzun müddət ərzində aparılan danışıqlar nəticə vermirdi. Əlbəttə, hər iki tərəf çalışırdı ki, özü üçün daha əlverişli və məqbul şərtləri əldə etsin. Hesab edirəm ki, biz “Əsrin kontraktı”nın timsalında beynəlxalq əməkdaşlığın müsbət tərəfini görürük. Çünki həm sərmayə qoyan tərəf - investorlar, həm də ki, Azərbaycan dövləti maraqlar balansını taparaq ən məqbul şərtlərlə özləri üçün bu kontraktı imzaladılar. Əgər investorları kontraktların şərtləri qane etməsə, onda əlbəttə ki, heç bir kontraktın imzalanmasından söhbət gedə bilməz. Eyni zamanda, Azərbaycan dövlətinin maraqları da tam şəkildə təmin edildi. Bu gün kontraktın icrasının nəticəsi olan yeniləşən, müasirləşən, güclənən Azərbaycan bu sözlərimin əyani sübutudur.

Mən danışıqların son mərhələsini yaxşı xatırlayıram. Amerikanın Hyuston şəhərində bir aydan çox danışıqlar gedirdi. Bu danışıqlar həlledici rol oynamışdır. Kontraktın qüvvəyə minməsi Azərbaycanı yeni inkişaf yoluna çıxardı və bu gün “Əsrin kontraktı” bizim neft sənayemizin inkişafında öz rolunu oynayır. İki il bundan əvvəl kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması göstərir ki, 1994-cü ildə nə qədər düzgün qərar qəbul edilmişdir.

“Əsrin kontraktı” ulu öndər Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir, onun başlanğıcıdır. Məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi sayəsində Azərbaycan özünü dünyaya təqdim edə bildi. Tarixdə ilk dəfə xarici şirkətlər Xəzər dənizində neft-qaz yataqlarının işlənilməsində iştirak etməyə başlamışlar. “Əsrin kontraktı”nın imzalanması nəticəsində on minlərlə yeni iş yeri yaradılmışdır. Azərbaycanda minlərlə şirkət bu kontraktın icrasında podratçı kimi fəaliyyət göstərir. Yəni, “Əsrin kontraktı”nın çox böyük faydası var.

Eyni zamanda, o vaxt Azərbaycan dünyada riskli bir ölkə kimi tanınırdı. Ermənistanın ölkəmizin torpaqlarını işğal etməsi, gedən vətəndaş müharibəsi, iqtisadi çətinliklər, bir daha demək istəyirəm ki, Azərbaycanı investisiya üçün əlverişli ölkə kimi təqdim edə bilməzdi. O vaxt ulu öndər Heydər Əliyevin xidmətlərindən biri də o olmuşdu ki, investorları inandıra bilmişdi və Dövlət Neft Şirkətinin rəhbərliyi - bizim dostumuz rəhmətlik Natiq Əliyev, Xoşbəxt Yusifzadə, Valeh Ələsgərov, mən və digər əməkdaşlar çalışırdıq investorları inandıraq ki, Azərbaycana sərmayə qoymaq olar, sərmayə qoymaq lazımdır və Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək. Belə də oldu. “Əsrin kontraktı”nın icrasına qoyulmuş sərmayə artıqlaması ilə qaytarıldı. Xarici investorlar milyardlarla dollar gəlir əldə etdilər. Azərbaycan dövləti yüz milyard dollardan çox gəlir əldə etdi.

Yəni, bir daha demək istəyirəm ki, bu, dünya təcrübəsində özünə layiqli yer tutan kontraktdır. Çünki həm dövlətin, həm də investorların maraqları təmin olundu. Eyni zamanda, neftdən əldə edilmiş gəlirlər ölkəmizin sürətli inkişafına şərait yaratdı. Biz dünyada neft sənayesində gedən işlərdən xəbərdarıq. Bir çox hallarda neft xoşbəxtlik gətirmir, faciə gətirir, qarşıdurma gətirir, qeyri-bərabərlik gətirir, ədalətsizlik gətirir. Azərbaycanın timsalında neft xeyir gətirib. Çünki neftdən əldə edilmiş gəlirlər ümumi inkişafımıza sərmayə kimi qoyuldu. Sosial məsələlərin həlli üçün şərait yaratdı. Ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi üçün imkan yaratdı. Müasirləşən şəhərlər, abadlaşan kəndlər, ölkədə gedən quruculuq, abadlıq - bütün bunların təməlində bizim neft sənayemiz dayanır.

Biz əlbəttə ki, bu gün iqtisadi sahədə şaxələndirmə yolunu seçmişik. Yəni, neftdən asılılığı aşağı salmağa çalışırıq, qeyri-neft sektorunu inkişaf etdiririk. Ancaq bilməliyik ki, bu gün və sabah ölkəmizin aparıcı sektoru neft-qaz sektorudur. Bu gün və sabah ölkəmizin uğurlu inkişafı üçün bizim qəhrəman neftçilərimizin əməyi əvəzolunmazdır. Məhz bizim neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər. Ona görə neft-qaz sektorunun bundan sonra da uğurla inkişafı prioritet məsələlərdən biridir. Mən yenə də bunu ona görə deyirəm ki, biz iqtisadi inkişafla bağlı apardığımız siyasəti təbii olaraq qeyri-neft sektoru üzərində qururuq. Ancaq bilməliyik ki, əgər neft sektoru inkişaf etməsə, bizim qeyri-neft sektorumuz bu gün ölkəmizin tələbatını ödəyə bilməz.

“Əsrin kontraktı”nın imzalanmasından sonra xarici şirkətlər anladılar ki, Azərbaycana sərmayə qoymaq olar və sərmayə qoymaq lazımdır. Yaxşı xatırlayıram, bir çox xarici şirkət Azərbaycana üz tutub, təkliflərini irəli sürüb və bizimlə əməkdaşlıq etmək haqqında öz niyyətini ifadə etmişdir. Beləliklə, “Əsrin kontraktı”ndan sonra onlarla kontrakt, 40-a yaxın pay bölgüsü sazişi imzalandı. Düzdür, onların bir hissəsinə xitam verildi. Çünki orada kəşfiyyat işlərində lazımi həcmdə neft-qaz resursları tapılmadı. Ancaq digər layihələr bu gün qüvvədədir və bizim qüdrətimizi daha da artırır. Xüsusilə, “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsini qeyd etmək istərdim. “Şahdəniz” üzrə kontrakt “Əsrin kontraktı”ndan iki il sonra – 1996-cı ildə imzalandı. O vaxt dünya enerji aləmində qaz yataqları o qədər də böyük əhəmiyyət kəsb etmirdi. Bu gün təbii qaz enerji təhlükəsizliyi üçün həlledici məsələdir. Ancaq o vaxt belə deyildi. Ona görə “Şahdəniz” üzrə kontraktın imzalanması da tarixi hadisədir. Bu gün “Şahdəniz” Cənub Qaz Dəhlizinin əsas resurs bazasıdır. “Şahdəniz” qaz-kondensat yatağı dünyanın ən böyük yataqlarından biridir. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları eyni əhəmiyyətə malikdir.

Ondan sonra neft-qaz kəmərləri inşa edilməyə başlanmışdır. Bakı-Novorossiysk kəməri yenidən quruldu. Bakı-Supsa kəməri 1999-cu ildə işə salındı. Bakı-Tbilisi-Ceyhan, - hansı ki, ulu öndər Heydər Əliyev özü şəxsən bu kəmərin təməlini qoymuşdu, - 2006-cı ildə biz tərəfdən uğurla başa çatdırıldı. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi və Azərbaycan öz təbii qazını ixrac etməyə başladı. 2012-ci ildə Azərbaycan və Türkiyə arasında TANAP qaz kəməri üzrə saziş imzalanmışdır. “Şahdəniz” yatağının tam miqyasda işlənilməsi üçün bu hadisənin xüsusi yeri vardır. Keçən il biz böyük təntənə ilə həm TANAP-ı, həm Cənub Qaz Dəhlizini rəsmi şəkildə açdıq və bu gün TANAP uğurla fəaliyyət göstərir.

Bütün bunlar bizim tariximizdir. Əlbəttə, bu gün bu məclisdə bir çıxışda neft-qaz sənayesi sahəsində görülmüş bütün işləri sadalamaq qeyri-mümkündür. Buna bəlkə də saatlar, günlər lazımdır. Qazma qurğularının Azərbaycanda tikintisi, on minlərlə Azərbaycan vətəndaşının işlə təmin edilməsi, ölkəmizə gələn gəlirlərdən düzgün istiqamətdə istifadə edilməsi, yəni, bütün bunlar bugünkü reallıqlardır.

Bu gün Azərbaycanın uğurlu inkişafı timsalında biz məhz o illərdə atılmış addımların təzahürünü görürük. Görürük ki, ulu öndər Heydər Əliyevin bütün başqa xidmətləri ilə bərabər, bu sahədə xalq qarşısında, dövlət qarşısında göstərdiyi xidmətlər ən yüksək qiymətə layiqdir. Biz - onun davamçıları bu sahədə öz işlərimizi davam etdiririk. Bu gün yeni kontraktlar imzalanır, Azərbaycanın neft-qaz sənayesinə böyük maraq var. Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib. Mən fürsətdən istifadə edərək, bizim strateji tərəfdaşımızın – BP şirkətinin fəaliyyətini qeyd etmək istərdim. Bizim əsas strateji layihələrimizdə BP əsas tərəfdaşımızdır. Həm “Azəri-Çıraq-Günəşli” yatağının, həm “Şahdəniz” yatağının işlənilməsində, TANAP-da və yeni imzalanmış digər kontraktlar əsasında bizim əməkdaşlığımız uzunmüddətlidir, artıq 25 il tarixi var. Bu əməkdaşlıq bundan sonra ən azı 25-30 il davam edəcəkdir.

Bir məsələni də qeyd etmək istəyirəm. “Əsrin kontraktı”nın ölkəmiz üçün, xalqımız üçün çoxşaxəli faydası var. Ancaq onlardan biri də kadr hazırlığıdır. Xatırlayıram, 1994-cü ildə kontraktın üzərində iş aparılarkən xüsusi qeyd edirdik ki, biz istəyirik kontraktda Azərbaycan vətəndaşlarının işə cəlb olunması məsələsi göstərilsin. Biz istəyirdik ki, bu, bir öhdəlik kimi konsorsiumun şirkətləri üzərinə qoyulsun ki, Azərbaycan mütəxəssisləri tədricən bütün əsas vəzifələrdə işləsinlər və belə də oldu. Əlbəttə ki, birinci illərdə xarici mütəxəssislər çoxluq təşkil edirdi. Ancaq xarici şirkətlər və Azərbaycan tərəfindən aparılmış təlim kursları çox güclü kadr potensialı yaratdı. Mənə verilən məlumata görə, bu gün bu təlimlərdən keçmiş mütəxəssislər BP şirkətinin nəinki Azərbaycanda, bir çox ölkələrdə önəmli layihələrində iştirak edirlər, önəmli vəzifələrdə çalışırlar. Bu gün “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsində çalışanların 90 faizdən çoxu Azərbaycan vətəndaşlarıdır, yəni, bunu biz təmin etdik. Bu, çox böyük sərvətdir. Neft, qaz tükənən sərvətlərdir. İntellektual potensial, bilik, savad, səriştə, təcrübə isə dəyişməz sərvətdir. Bu təlimlərdən keçmiş Azərbaycan vətəndaşları, mütəxəssisləri bu gün çox böyük işlər görürlər, ölkəmizin inkişafına böyük töhfə verirlər. Neftdən əldə edilmiş gəlirlər ölkə iqtisadiyyatının inkişafında istifadə olundu. Biz bunu o istiqamətə yönəltdik. İnfrastruktur tamamilə yeniləndi. Yadınıza salın, 1994-cü ildə bizim infrastrukturumuz nə vəziyyətdə idi, bu gün nə vəziyyətdədir. O vaxt hətta Bakı şəhərinin yarısı təbii qaz ala bilmirdi. Rayonlarda ümumiyyətlə bundan söhbət gedə bilməzdi. Bu gün Azərbaycanda qazlaşdırma 96 faizdir. Biz ən ucqar dağ kəndlərinə qaz xətləri çəkmişik və bu proses davam etdirilir. Mən Dövlət Neft Şirkətinə tapşırıq vermişəm ki, bu işlər dayanmasın. Düzdür, 96 faiz çox böyük rəqəmdir. Nadir hallarda ölkələrdə bu dərəcədə qazlaşdırma aparılır. Amma biz bunu davam etdirməliyik. O illərdə ölkəmizin yarısı işıqsız qalırdı. Bakı şəhərinin özündə işıq çatışmırdı. Hətta bəzi hallarda saat 12-də televiziya kanalları da fəaliyyətini dayandırırdı ki, vətəndaşlar elektrikdən az istifadə etsinlər. Çünki elektrik çatışmırdı. Artıq 3 min meqavata yaxın yeni generasiya gücləri yaradılıb və biz nəinki özümüzü təmin edirik, ixrac da edirik.

Yollar bərbad vəziyyətdə idi. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, bu gün Azərbaycan yolları keyfiyyətinə görə dünya miqyasında 34-cü yerdədir. İçməli su böyük problem idi. Bu gün əhalinin 75 faizi dayanıqlı içməli su ilə təmin edilir və bu proses davam etdirilir.

Məcburi köçkünlər üçün yüzdən çox şəhərcik salındı. Çadır şəhərciklərini biz hələ 2007-ci ildə ləğv etdik. Nəyin hesabına? Neft Fondunun hesabına. Neft Fonduna vəsait haradan gəlir? “Əsrin kontraktı”nın icrasından. Biz yüz minlərlə köçkünə yeni evlər verdik, yeni mənzillər təqdim etdik. Şəhid ailələrinə, müharibə veteranlarına edilən güzəştlər, verilən müavinətlər, mənzillər, minik avtomobilləri. Yəni, “Əsrin kontraktı”nın çox böyük faydası var və biz vəsaitdən düzgün istifadə etdik. Neft Fondunun gəlirlərindən yalnız büdcə çərçivəsində istifadə etmək mümkündür. Yəni, Azərbaycan vətəndaşları Milli Məclisdə öz təmsilçiləri vasitəsilə bu vəsaitin bölgüsündə iştirak edirlər.

Sosial infrastruktur tamamilə yenidən quruldu, 3200-dən çox məktəb, 640-dan çox xəstəxana tikildi və təmir olundu, idman qurğuları inşa edildi. Azərbaycan kosmik dövlətə çevrildi. Bizim 3 peykimiz var. Biz gəlirlərdən istifadə edərək dövlət borcumuzu aşağı səviyyədə saxlayırıq. Bu, ümumi daxili məhsulun cəmi 19 faizini təşkil edir. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfə artıqdır. Bu, hansı ölkələrdə ola bilər? Var, amma bu ölkələrin sayı o qədər də çox deyil.

“Əsrin kontraktı”nın faydasından çox danışmaq olar. Bundan sonra da neftin satışından əldə ediləcək gəlirlər, ilk növbədə, sosial məsələlərə, infrastruktur layihələrinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək ki, Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı təmin edilsin.

Mən bu gözəl tarix - “Əsrin kontraktı”nın 25 illiyi və Neftçilər Günü münasibətilə bir daha sizi təbrik etmək istəyirəm. Azərbaycan neftçilərinə yeni uğurlar, yeni qələbələr arzulayıram. Sağ olun".

***

Sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı tədbirdə nitq söyləyib.

Prezident İlham Əliyev əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. Azərbaycanın dünyada sənaye üsulu ilə, həmçinin dənizdə neft hasil edən ilk ölkə olduğunu vurğulayan dövlətimizin başçısı o vaxtdan bəri neftçilərimizin ölkənin iqtisadi qüdrətinin artırılmasındakı rolunu yüksək qiymətləndirib. İlham Əliyev 1990-cı illərin əvvəllərində, o vaxtkı rəhbərliyin səriştəsizliyi nəticəsində yaranmış iqtisadi-siyasi böhranın ölkəni ağır vəziyyətə saldığını və belə bir zamanda xalqın tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və cəsarəti sayəsində Azərbaycanın xilas olması naminə göstərdiyi xidmətlərdən danışıb. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasını tarixi hadisə adlandıran, o zaman qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün göstərilən səyləri xatırladan Prezident İlham Əliyev həmin dövrdə riskli bir dövlət kimi tanınan Azərbaycana xarici investorları cəlb etmək üçün Ulu Öndərin göstərdiyi sarsılmaz iradəni xüsusi qeyd edib.

“Əsrin müqaviləsi”nin imzalanmasının ölkəmizin sonrakı inkişafındakı və Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasındakı həlledici rolundan danışan İlham Əliyev neftdən əldə edilən gəlirlərin ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəltmək kimi əsas məqsədə nail olunduğunu vurğulayıb. Azərbaycanın karbohidrogen ehtiyatlarını xarici bazarlara çıxarmaq üçün çəkilmiş neft-qaz kəmərləri vasitəsilə ixrac olunan sərvətimizin ölkəyə gətirdiyi faydalardan bəhs edən dövlətimizin başçısı “Əsrin müqaviləsi”nin uğurlu icrasının əhalinin məşğulluğunun təminində, yeni nəsil ixtisaslı neftçi kadrların hazırlanmasında, sosial infrastrukturun tamamilə yenilənməsində, məcburi köçkün, şəhid və aztəminatlı ailələrin sosial problemlərinin həllində, Azərbaycanın kosmik ölkəyə çevrilməsində və respublikamızın beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasındakı həlledici rolundan söz açıb. Neftdən əldə olunan gəlirlərin qeyri-neft sektorunun tərəqqisinə da təkan verdiyini deyən Prezident İlham Əliyev neft-qaz sektorunun inkişafının davamlılığının bundan sonra da prioritet olacağını bildirib. Dövlətimizin başçısı neftçilərə yeni uğurlar arzulayıb.

* * * * *

Sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə mərasim keçirilir.


AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir.

Dövlətimizin başçısı tədbirdə nitq söyləyib.

Sonra ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Birləşmiş Ştatların Dövlət katibi Maykl Pompeonun məktubunu oxuyub.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Birləşmiş Krallığın Beynəlxalq Ticarət Departamentinin Beynəlxalq Ticarət üzrə Dövlət katibinin məktubunu oxuyub.

Daha sonra BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxış ediblər.

* * * * *

Sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər günü münasibətilə mərasim keçirilir.


AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir.

Dövlət başçısı tədbirdə nitq söyləyib.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 164 20.09.19 21:38