Quba rayonunda qohumlarının evindən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Təngəaltı kəndi ərazisində yerləşən iki fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.
Araşdırmalarla onun həmin kənd sakini, 24 yaşlı Qalib Orucəliyev olduğu müəyyən edilib.
Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edib. Məlum olub ki, Q.Orucəliyev qohumlarının kənd ərazisində keçirilən toy mərasimində iştirak etməsindən istifadə edərək onlara məxsus fərdi yaşayış evlərinə qanunsuz daxil olmaqla oradan pul və qızıl-zinət əşyaları oğurlayıb.
Q.Orucəliyev tərəfindən oğurluq yolu ilə əldə edilmiş pul və qızıl-zinət əşyaları polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.
Faktla bağlı Quba RPŞ-də araşdırmalar davam etdirilir. Həmin şəxsin başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.