Bakı Ağır Cinayətlər Məhkəməsində Masallı rayon sakini İlqar Qurbanovun (1961-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, ötən il iyulun 23-də Yasamal rayonunun Tbilisi prospektində İlqar Qurbanov münaqişə zəminində qızı, 27 yaşlı Aysel Məmmədlini bıçaq zərbələri ilə qətlə yetirib və sonra Yasamal RPİ-nə təslim olub.
Məlum olub ki, İlqar Qurbanov rayondan paytaxta gələrək qızı ilə görüşüb, söhbət edə-edə yaşayış binalarından birinin həyətinə daxil olublar. Qızının əxlaqsız həyat tərzi yaşamasından şübhələnən ata onunla mübahisə etməyə başlayıb. Qurbanov qızının bədən səthinə çoxsaylı zərbələr endirərək, onu qəsdən öldürüb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.