Goranboyda baş vermiş silahlı insidentin təfərrüatları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında rayonun Goran qəsəbəsində qeydə alınıb.
Gənclərdən birini hərbi xidmətə yola salmaq üçün təşkil edilən yığıncaqda qohumlar arasında mübahisə yaranıb. Bu zaman Lətif Əmrahovla orada olan rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimov arasındakı mübahisə davaya çevrilib.
L.Əmrahovun qardaşı Təbriz Əmrahov onları ayırmağa çalışarkən V.Kərimov ona təhkim olunmuş tabel silahı ilə atəş açıb. Nəticədə hər iki qardaş yaralanıb.
Qardaşlar və dava zamanı xəsarət alan polis əməkdaşı xəstəxanaya yerləşdirilib. T.Əmrahov komatoz vəziyyətdədir.
Faktla bağlı araşdırma davam edir.
* * * * *
Goranboyda baş verən silahlı insident nəticəsində üç nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə rayonun Goran qəsəbəsində olub.
Hadisə nəticəsində Kəlbəcər rayon sakini, 1986-cı il təvəllüdlü Kərimov Vüsal Əlövsət oğlu, Goranboy rayon sakini, 1999-cu il təvəllüdlü Əmrahov Təbriz Xaliq oğlu və Goranboy rayon Boluslu kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Səfər Nəsir oğlu xəsarət alıblar.
Hadisənin Vüsal Kərimovla Təbriz Əmrahov arasındakı mübahisə zəminində baş verdiyi bildirilir. Məlumata görə, V.Kərimov polis leytenantı, hadisənin digər iştirakçısı Səfər Həsənov isə Goran qəsəbəsində mühafizə xidməti əməkdaşıdır.
Hadisə zamanı xəsarət alan 1999-cu il təvəllüdlü rayon sakini Əmrahov Təbriz Xalıq oğlu vəfat edib.
Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb.