Bakıda nənəsini öldürməkdə təqsirləndirilən 1994-cü il təvəllüdlü Eldar Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Median.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, ötən il noyabrın 6-da paytaxtın Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsində yanğın baş verib. Saat 09.30-da yanğın söndürüldükdən sonra həmin evdə yaşayamış 1941-ci il təvəllüdlü Tamilla Axundovanın üzərində bıçaq xəsarəti olan yanmış meyiti aşkar edilib.
Bununla bağlı rayon prokurorluğuna məlumat verilib. Məlumat əsasında Nəsimi rayon prokurorluğu və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.
Polis və prokurorluq əməkdaşları tərəfindən keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Tamilla Axundovanın nəvəsi Eldar Əfəndiyev tərəfindən tamah niyyəti ilə törədilməsinə kifayət qədər əsaslı şübhələr olub. O bu cinayət işi üzrə məsuliyyətə cəlb edilib.
İstintaq orqanı tərəfindən Eldar Əfəndiyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.