Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Sabir Qədimovun (1999-cu il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, ötən il mayın 31-də Balaxanı qəsəbəsi, Q.Salahov küçəsi, 15 ünvanında, qəsəbə sakini, Esmira Cəfərova (1963-cü il təv.) və onun qızı Aytən Cəfərova (2001-ci il təv.) odlu silahla güllələnib. Yaralılar 3 saylı şəhər klinik xəstəxanasına çatdırılsa da, A.Cəfərovanın həyatını xilas etmək mümkün olmayıb. E.Cəfərova sağ qalıb, onun sağ əlinin iki barmağı travmatik amputasiya edilib.
Cinayəti törədən Balaxanı qəsəbə sakini Sabir Qədimov Sabunçu RPİ 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, ondan maddi sübut hesab edilən ov tüfəngi
aşkar edilib.
Elan olunmuş ittiham üzrə S.Qədimov özünü təqsirli bilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.