Bakıda İsveçrə qızıl külçələrini saxtalaşdıran cinayətkar dəstə peyda olub. Fırıldaqçıların qurbanları yerli zərgərlərdir. Artıq bununla bağlı həftə ərzində ikinci fakt paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Bu barədə oxu.az-a Yasamal rayon hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
Şikayətçi 36 yaşlı Musayev Mirismayıl Mirmusa oğludur. Onun polisə verdiyi ifadəyə görə, aprelin 13-də 60 yaşlı T.İ. onu aldadıb. Sonuncu ona 23 min 600 dollar müqabilində 17 saxta qızıl külçə verib. M.Musayev külçələrin saxta olduğunu sonradan müəyyən edib. Saxta külçələr xarici görünüşünə görə əls külçələrə bənzəyib: hətta üzərində əyar göstəricisi (999,9) və digər keyfiyyət nişanları olub.
Musayev ona təqdim olunan külçələrin saxta olduğunu öyrənəndə, artıq gec olub. Satıcı izsiz-tozsuz yoxa çıxıb.
Bundan əvvəl Oxu.Az özünü T.İ. kimi təqdim edən həmin şəxsin Moskva prospektində yerləşən lombarda 19 qızıl külçə girov qoyduğunu və bunun müqabilində 41,363 manat borc götürdüyünü xəbər vermişdi.
29-cu Polis Bölməsinə hadisə ilə əlaqədar lombardın hüquqşünası Vüsal Məmmədov müraciət etmişdi. Onun dediyinə görə, külçələr paslanmayan metaldan hazırlanıb, sonradan qızıl suyuna salınıb.
Əldə olunmuş məlumatlara görə, cinayət-axtarış şöbəsinin əməliyyatçıları artıq T.İ.-ni taparaq onu dindirib. Kişi özü də fırıldağın qurbanı olduğunu bildirib. Onun sözlərinə görə, naməlum şəxslər saxta külçələrə görə ondan iri məbləğdə pul alıb. Ona görə də itirilmiş pullarını qaytarmağın yolunu axtarmağa məcbur olub.
Saxlanılan T.İ.-dən istintaqın gedişi ərzində ölkəni tərk etməməsi barədə iltizam alınıb və sərbəst buraxılıb. Ancaq hüquq-mühafizə orqanı əməkdaşları onun nələrisə gizlədiyindən şübhələnir. Onun saxta sikkələri Azərbaycana gətirən və ya onları burada hazırlayan dəstə ilə əlaqəli olduğuna dair şübhələr var.
Qeyd edək ki, dörd il əvvəl oxşar hadisələr Çexiyanın Zlin rayonunda baş vermişdi. Orada cinayətkarlar 250 qramlıq İsveçrə qızıl sikkələrini saxtalaşdırıblar. İnandırıcı görünməsi üçün qızıla “Argor-Heraeus” şirkətinin kefiyyət sertifikatını döyüblər.
Sonradan məlum olub ki, həmin külçələr ucuz volframdan hazırlanıb. Ancaq sikkələrin çəkisi və forması standartlara uyğun olub. Hətta yerli lombard ekspertləri də bu fırıldağın qurbanına çevrilib. Faktla üzrə 10-a yaxın insan saxlanılıb.
Bakıdakı saxta külçələrin isə hansı metaldan hazırlandığı hələlik aydın deyil. Məhkəmə ekspertizasının nəticələri hələ açıqlanmayıb.
Faktlarla bağlı araşdırma davam edir.