Bakı Ağır Cinayətlər Məhkəməsində Sabirabad rayon sakini İlqar Xancanovun (1968-ci il təv.) CM-nin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, hadisə ötən il iyulun 15-də Şüvəlan qəsəbəsi, 525 saylı bağ evində baş verib. Əvvəllər həmin evdə gözətçi işləyən İlqar Xancanov oranın sahibi, əməkdar həkim, 72 yaşlı Arzu Şuşalını və onun həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. Qadın aldığı xəsarətlərddən hadisə yerində keçinib.
Cinayəti törədən şəxs izi itirmək üçün hər ikisini "Range Rover" markalı avtomaşına qoyub. Bakı ş. Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları Mərdəkan qəsəbəsində xidmətdə olarkən həmin avtomobilin sürücüsünü, özünü şübhəli apardığı üçün saxlayıblar. Avtomobilə yaxınlaşan polis əməkdaşları qadının meyitini və hələ də nəfəs alan Arzu Şuşalını görüblər. Sürücü dərhal saxlanılıb, yaralanan həkim isə xəstəxanaya yerləşdirilsə də, həmin ilin oktyabr ayında orada keçinib.
Xəzər rayon prokurorluğunda faktla bağlı cinayət işi başlanılıb. Məlum olub ki, bağ sahibi hadisədən 2 ay əvvəl, oğurluq və quldurluq əməllərinə görə məhkum olunan İ.Xancanovu işdən çıxarıb. Bundan qəzəblənən sonuncu qısas məqsədi ilə ağır cinayəti törədib.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib
İş üzrə baxış aprelin 29-na təyin edilib.
-