Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Rasim Bayramov ifadə verib.
O bildirib ki, maddi durumu çətin olduğu üçün böyrəyini satmaq qərarına gəlib:
“Vahibin maşını ilə Gürcüstana getdik, orada əməliyyat olundum. Bir qədər sonra güc-bəla ilə iki min dollar pul aldım”.
V.Xudadatov isə zərərçəkmişin ifadəsini təkzib edərək, R.Bayramova iki min deyil, 12 min manat pul verdiyini deyib.
Sonra digər zərərçəkmiş Rufan Əhmədli dindirilib. O deyib ki, ölkədə devalvasiya olan zaman işsiz qalıb, maliyyə vəziyyəti çətinləşib. Zərərçəkmiş deyib ki, böyrəyini satmaq üçün internetdə elan verib:
“Sonra Sahib müəllim mənimlə əlaqə saxladı. O, Oqtay adlı şəxsə böyrək lazım olduğunu söylədi. Biz 12 min manata razılaşdıq. Gürcüstanda əməliyyat olundum, pulumu da almışam”.
O, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını söyləyib.
Məhkəmə prosesi aprelin 19-da davam etdiriləcək.
Qeyd edək ki, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən, xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.
V.Xudadatovun əlaqədə olduğu şəxslər istintaqa cəlb ediliblər.
Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüblər.
Cinayət işində 27 zərərçəkmiş var.
Xatırladaq ki, V.Xudadatov “Qarabağ”ın U-11 komandasının baş məşqçisi Elşad Xudadatovun qardaşıdır.