Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu yolu ilə pul tələb etmədə təqsirləndirilən Yaqub Zalov və Səkinə Hümbətovanın apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra onların apellyasiya şikayətlərinin dəlilləri müəyyən edilib. Təqsirləndirilən şəxslər barələrində olan cəzanın yüngülləşdirilmələrini istəyiblər.
Proses fevralın 11-də davam edəcək.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yaqub Zalov beş il müddətinə azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilən Səkinə Hümbətovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, şərti cəza alıb və məhkəmə zalından sərbəst buraxılıb.
İttihama görə, ötən ilin martında Bakı şəhər sakini Yaqub Zalov paytaxt sakini A.M. barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, ondan 5100 manat alıb.
Martın 12-də Suraxanı rayonunun Hövsan qəsəbəsində Yaqub Zalov yenidən həmin qadını hədələyib, 500 manat alarkən Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, Yaqub Zalov bu əməli tanışı Səkinə Hümbətova ilə birgə törədib. Daha sonra hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu gəlmək) maddələri ilə ittiham elan edilib.
Xatırladaq ki, zərərçəkmiş A.M. Bakı şəhərində məktəblərin birində müəllim işləyir.//oxu.az