Bakı Ağır Cinayətlər Məhkəməsində Suraxanı rayon sakini Tural Tarverdiyevin CM-nin 29.120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) və 157.1-ci (zor tətbiq etməklə mənzil toxunulmazlığını pozma) maddəlləri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.
Median.Az xəbər verir ki, ötən il dekabrın 10-da Bülbülə qəsəbə sakini Tural Tarverdiyev Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayan bacısının evinə gəlib. Aralarında yaranmış ailə-məişət zəmnində Tarverdiyev yeznəsi Anar Rəsulova və onun atası Vaqif Rəsulova ov tüfəngindən atəş açaraq, hadisə yerindən qaçıb. Ağır yaralanan ata və oğul 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. Həkimlər onların həyatlarını xilas ediblər. Həmin gün T.Tarverdiyev Sabunçu RPİ 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 3 il müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə T.Tarverdiyevin əməlini CM-nin 29.120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsindən 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edib.