Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Emin Ramazanovun (1991-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, bu il fevralın 18-də Sabunçu qəsəbəsindən, qəsəbə sakini 62 yaşlı Tarıyel Həmzəyev kəllə-beyin xəsarəti ilə 3 saylı şəhər klinik xəstəxanasına gətirilib və izahatında xəsarəti yıxılması nəticəsində almasını bildirib. Martın 21-də o, xəstəxanada ölüb.
Sabunçu RPİ 12-ci polis bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində, fevralın 16-da kafedə, T.Həmzəyevlə Emin Ramazanov arasında münaqişə baş verməsi və bu zaman sonuncunun onun baş nahiyəsinə şüşə qabla ilə xəsarət yetirməsi müəyyən edilib.
Əməliyyat tədbiri nəticəsində E.Ramazanov saxlanılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.