Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Eldar Məmmədovun CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, ittiham aktına əsasən, Mərkəz Quliyev işləmək üçün Rusiyaya gedərkən, Bakıda özü üçün mənzil alıb, lakin onu yeznəsi Eldar Məmmədovun adına rəsmiləşdirib. Hadisədən bir müddət əvvəl Quliyev Azərbaycana qayıdıb və qohumundan evi, onun adına keçirməsini xahiş edib. Buna görə aralarında mübahisə yaranıb, iş rayon məhkəməsinə verilib.
Məhkəmənin inzibati binasının qarşısında Eldar Məmmədov əvvəlcədən özü ilə götürdüyü çəkiclə arxadan Mərkəz Quliyevin başından zərbə endirib. Sonuncu huşunu itirib, yerə yıxıldığda ardınca ona daha 9 zərbə endirib. Xəstəxanaya yerləşdirilən zərərçəkmiş orada ölüb.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış noyabrın 29-a təyin edilib.