Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Amil Paşayevin təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
Median.Az xəbər verir ki, ayrı-ayrı vaxtlarda iki qadına hücum edərək, onların çantalarını soyğunçuluq yolu ilə ələ keçirən Amil Paşayev bu il avqustun 27-də
Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Həmin şəxsin iyun ayı ərzində metronun “Əhmədli” stansiyasının yaxınlığında, təsadüfən gördüyü qadınları izləyərək onların çantalarını açıq talama yolu ilə alaraq, hadisə yerindən qaçması müəyyənləşib. Saxlanılan şəxsin ələ keçirdiyi çantaların birində 120 manat pul olub.
İstintaqın gedişi zamanı Amil Paşayevin şübhəli davranışları polis əməkdaşlarında onun başqa cinayətlərdə əlinin olduğuna dair əsaslı şübhələr oyadıb. Bu səbəbdən tutulan şəxsin ətrafında keçirilən əlavə istintaq-əməliyyat tədbirləri ilə, onun 2017-ci ilin dekabrından saxlanıldığı günə qədər Xətai rayonu ərazisində 4 azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi müəyyənləşib. Əsasən 10-15 yaşlı qızları izləyən A.Paşayev, binaların girişində mərtəbələr arasındakı pilləkən sahələrində, onlara hücum edərək seksual xarakterli hərəkətlər edib.
Bu gün keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən, A.Paşayev özünü təqsirli hesab etməyib.
Daha sonra məhkəmənin qapalı keçirilməsi ilə bağlı qərar qəbul edilib, zalda əyləşən proses iştirakçıları çıxarılıb.
Prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.
Növbəti proses noyabrın 28-nə təyin edilib.