Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakinləri Akif Cavadov və Vasib Rzayevin CM-nin 181.2.1-ci (quıdurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, Bakı şəhər sakini Teymur Müseyibli Suraxanı RPİ 30-cu polis şöbəsinə müraciət edərək bildirib ki, mayın 14-də idarə etdiyi avtomobillə Hövsan qəsəbəsinə apardığı iki nəfər müştəri ona qarşı zor tətbiq edərək 150 manat pulunu və telefonunu əlindən alıblar. Suraxanı RPİ Cinayət Axtarış Şöbəsi və 30-cu polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş Akif Cavadov və Vasib Rzayev saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər quldurluq yolu ilə əldə etdikləri mobil telefonu Hövsan qəsəbəsində Mirzə adlı şəxsə narkotik vasitə - heroin müqabilində satıblar.
Növbəti əməliyyat nəticəsində Hövsan qəsəbə sakini Mirzə Mirzəyev də saxlanılıb. Onun yaşadığı evə baxış zamanı satış üçün nəzərdə tutulan 171,388 qram heroin və 24,291 qram metamfetamin aşkar olunaraq götürülüb.
İş üzrə dindirilmiş Akif Cavadov bildirib ki, sürcüyə telefofonundan nömrəni çıxartmasını və ailə şəkillərini pozub, onlara verməsini deyib. Vasif Rzayevin sözlərinə görə, qəbirstanlığa çatanda, zərərçəkmişə maşını söndürməsini bildirib : "Dedik, düz başa düş, bizə pul lazımdı. Telefonu, götürüb avtomobildən çıxdıq”.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.