Bakı Ağır Cinayətlər Məhkəməsində Aslan Qasımov, Familə Vəliyeva, İmamverdi Həsənov, Elnur Aslanov və Sahib Həsənbəylinin CM-nin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi üzrə üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, bu il aprelin 22-də paytaxt sakini Xətai RPİ-nə müraciət edərək rayon ərazisində yerləşən fərdi yaşayış evindən, içərisində 30.000 dollar və 100.000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin oğurlandığını bildirib.
Xətai RPİ və 37-ci polis şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmamverdi Həsənov, Sahib Həsənbəyli, Familə Vəliyeva, əvvəllər məhkum olunmuş Elnur Aslanov və Aslan Qasımov saxlanılıblar.
İstintaq zamanı müəyyən edilib ki, S.Həsənbəyli zərərçəkənin evində külli miqdarda pul olması barədə əvvəlcə İ.Həsənova məlumat verib. O isə öz növbəsində digər dəstə üzvləri E.Aslanov və A.Qasımovla birlikdə oğurluq etmək qərarına gəlib. Seyfi ələ keçirəndən sonra onlar S.Həsənbəylinin Abşeron rayonunda yerləşən bağ evinə yollanıblar. Orada seyf kəsilərək açılıb və əldə edilən pul saxlanılan şəxslərin arasında bölünüb. Seyfdə olan qızıl-zinət əşyaları S.Həsənbəyli və İ.Həsənov tərəfindən satılandan sonra həmin pullar da yenidən dəstə üzvləri arasında bölüşdürülüb.
Hazırlıq iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış iclası noyabrın 12-nə təyin edilib.