Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Təranə Muradovanın (1981-ci il təv.) CM-nin 144-1 (insan alveri) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, bu il fevralın 26-da DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Muradova Təranə Əli qızının ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib. Onun barəsində axtarış elan edilib və bir müddətdən sonra o, tutularaq istintaqa təhvil verilib.
Araşdırma zamanı, Təranə Muradovanın əvvəllər də insan alverinə görə saxlanılması məlum olub. Belə ki, müğənniliklə məşğul olan qadın bir neçə il əvvəl “Azəristar” mahnı yarışmasında iştirak etmiş Rüstəm Əlişanov və başqa bir qadınla birgə CM-nin 144-1.2.1 və 144-2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən iki və ya daha çox şəxs barəsində insan alveri) maddəsi ilə təqsirləndirilib. Lakin o, çox keçmədən həbsxanadan çıxıb və köhnə peşəsini davam etdirib.
İttiham aktına əsasən, T.Muradova 4 qadına qarşı eyni cinayət əməlini törədib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə şərti cəza verilib və o, iclas zalından azadlığa buraxılıb.