Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Median.Az “minval.info”ya istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror Məsud Müzəffərovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmiş tərəfin nümayəndəsi söyləyib ki, Məsud Müzəffərov bu əməlinə görə ömürlük azadlıqdan məhrum edilməlidir.
Məsud Müzəffərov son sözündə bildirib ki, hadisənin baş verməsinin səbəbkarı mərhum arvadı olub: "Aytəkinin anası deyir ki, guya onu mən döymüşəm.
Amma Aytəkin telefon danışığında bacılarına deyirdi ki, hər şey yaxşıdır. Guya mən Aytəkini Rusiyaya aparıb orada öldürmək istəmişəm. Mən özüm Rusiyaya getmişdim.
Əl çəkmədilər ki, Aytəkini də aparım. Mən də apardım. Deyirlər ki, guya mənim əlimdən Türkiyəyə qaçıb. Əgər mənim əlimdən qaçmışdısa, niyə qayıtdı? Bunların hamısı yalandır. Guya xəstə olanda mən baxmamışam. Dəfələrlə müalicəsi üçün pul vermişəm. Bakıya xəstəxanaya göndəmişəm”.
Müzəffərovun sonra dediyi sözlər isə məhkəmədə gərginliyə səbəb olub. O deyib ki, arvadını əxlaqsızlıq etdiyinə görə öldürüb.
Mərhumun zalda olan yaxınları ilə Müzəffərov arasında mübahisə yaranıb.
Müzəffərov üzünə məhkəmə zalında olan atasına tutaraq deyib ki, cismi həbs edilsə də ruhu azaddır: "Narahat olma, ata. Çöldə necə idimsə, indi də eləyəm. Adam gərək yaşayanda da namusu ilə yaşasın”.
Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Müzəffərov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmədə mərhumun anası Zülfiyə Dadaşova da dindirilib.
Xatırladaq ki, daha əvvəlki ifadəsində elan olunmuş ittihamla M.Müzəffərov özünü təqsirli bilib. Müzəffərov söyləyib ki, keçmiş arvadı ona xəyanət edib.
Müttəhim iddia edib ki, arvadı sosial şəbəkədə də kimləsə danışıb: "Araşdırdım və həmin adamı da tapdım. Sonra boşanmaq üçün məhkəməyə müraciət etdim və boşandıq. Onu öldürmək istəmirdim.
Dedim ki, məndən uzaq ol. Rayondan Bakıya qohumunun evinə gəlib. Lakin bir yerdə dayana bilmirdim. Fikirləşdim ki, gedib onunla danışım və niyə belə etdiyini soruşum”.
Təqsirləndirilən M.Müzəffərov söyləyib ki, məqsədi arvadını tanınmaz hala salmaq olub: "Benzini onun sifətinə töküb tanınmaz hala gəlməsini istədim. Mağazaya girib benzini üzünə tökdüm və onu yandırdım. Həmin zaman polisin gələcəyini düşündüm və oradan uzaqlaşdım”.
Məlum olub ki, M.Müzəffərov həyat yoldaşından boşanandan sonra bir müddət aliment ödəməyib.
Qeyd edək ki, hadisə bu il Bakının "Memar Əcəmi” metrostansiyasının yaxınlığında mağazada baş verib.
Həmin ünvanda M.Müzəffərov həyat yoldaşı Aytəkin Müzəffərovanı bezinlə yandırıb.
Hadisə qısqanclıq zəminində baş verib. Aytəkin Müzəffərova ərindən ayrılaraq mağazada işləməyə başlayıb. Bundan qəzəblənən Məsud Müzəffərov Bakıya gələrək arvadını qısqanclıq zəminində xüsusi amansızlıqla öldürüb. Üzünə benzin tökərək əlindəki alışqanla ona od vurub.
Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan M.Müzəffrovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə; xüsusi amansızlıqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.