Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Əli Əliyevin (1990-cı il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cü (aşkar sürətdə, köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, ötən il avqustun 3-də Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 85-də yerləşən binada Əli Əliyev qardaşı Murad Əliyevə (1983-cü il təv.) bıçaqla çoxsaylı zərbələr vuraraq, onu qəsdən həyatdan məhrum edib. Hadisədən sonra qaçan Əli Əliyev Binəqədi RPİ 7-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub. Məlum olub ki, qardaşlar televizorun pultu üstündə mübahisə ediblər. Sonra aralarında əlbəyaxa dava başlayıb, Əli mətbəx bıçağını götürərək Murada zərbələr endirib.
Araşdırma zamanı məlum olub ki, Əli Əliyev ixtisasça hüquqşünasdır, həm də cüdo idman növü ilə məşqul olur. Mərhum isəkunq-fu idman növü üzrə peşəkar idmançı, DİN Çevik Polis Alayında polis serjantı imiş.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.