Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Vüsal Novruzovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, bu il may ayının 24-də M.Hüseynzadə adına stadionun yaxınlığında Sumqayıt şəhər sakini Vüqar Quliyev (1979-cu il təv.) öz işçisi Vüsal Novruzov tərəfindən bıçaqlanıb. Yaralanan şəxs Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma zamanı məlum olub, mərhum Sumqayıtda gül biznesi ilə məşğul olub, o şəhərdə “Gül Vüqar” kimi tanınıb. Bir müddət əvvəl Vüqar Quliyev Vüsal Novruzovu işdən çıxarıb, buna görə sonuncu ondan qisas alıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.