Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Zamin Rəsulovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Median.Az xəbər verir ki, bu il martın 29-da Maştağa qəsəbəsində yaşayan 62 yaşlı Zamin Rəsulov ailə münaqişəsi zəminində arvadı, 60 yaşlı Natəvanı bıçaqla qətlə yetirib. Həmin gün Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları tərəfindən Z.Rəsulov saxlanılıb. Məlumata görə, yaşlı kişi həyat yoldaşına mətbəx bıçağı ilə 13 zərbə endirib.
Belə ki, əvvəllər bir neçə dəfə infarkt keçirmiş Zamin Rəsulov bir müddət əvvəl iflic olub və xəstəxanaya yerləşdirilib. Müalicə prosesindən sonra qızı və həyat yoldaşı onu xəstəxanadan çıxararaq evə gətirib. Evə gəldikdən sonra aralarında mübahisə yaranıb, buna görə Rəsulov əsəbi halda iri mətbəx bıçağını götürərək, qadına hücum edib və onu öldürüb. Qızı atasının törətdiyi əmələ mane ola bilməyib, təcili yardım çağırsa da, artıq gec olub.
Bu gün keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edərək, Zamin Rəsulovun səhhətində problem olduğunu və hadisəni törədərkən xəstə olduğunu bildirib. O xahiş edib ki, təqsirləndirilən şəxs tibbi ekspertizadan keçirilsin.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub.
Dövlət ittihamçısı Z.Rəsulova 18 il cəza təyin edilməsini xahiş edib.
Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışına hazır olmadığını söyləyərək məhkəmədən vaxt istəyib
Növbəti proses ayın 19-na təyin edilib.