Bakı Ağır Cinayətlər Məhkəməsində Anar Əsgərovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, ötən il dekabrın 12-də Neft Daşlarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsində fəhlə işləyən Anar Əsgərov və Azər Xalıqov arasında mübahisə yaranıb. Nəticədə Əsgərov Xalıqova bıçaqla xəsarətlər yetirərək, onu qətlə yetirib. Həmin gün Anar Əsgərov polis əməkdaşları tərəfindən saxlanılıb.
İstintaqın gedişatında məlum olub ki, Azər Xalıqov Anar Əsgərovun, yatdığı yerdə şəkillərini çəkib və həmin fotoları tanışlarına göndərib. Bundan xəbər tutan Anar Azərin şit zarafatından qəzəblənib və bir də belə zarafat etməməsini tələb edib. Lakin sonuncu bu növ zarafatlarını davam etdirib. Axırıncı dəfə zarafat ölüm hadisəsi ilə yekunlaşıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.