Bakı Apellyasiya Məhkəməsində QHT rəhbəri Ramin Hacılının barəsində seçilmiş həbs müddətinin uzadılması ilə bağlı məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.
Median.Az xəbər verir ki, R.Hacılının apellyasiya şikayəti təmin edilməyib, qərar qüvvədə qalıb. Xarırladaq ki, ötən həftə Nərimanov rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin həbs müddəti 2 ay 15 gün müddətinə uzadılıb.
Qeyd edək ki, R.Hacılının barəsində Dövlət Sərhəd Xidmətinin (DSX) İstintaq İdarəsində CM-nin 29, 318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda isə istintaq orqanı ona qarşı əlavə CM-nin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrini irəli sürüb. Təqsirləndirilən şəxs ittihamları qəbul etmədiyini bildirib.
DSX-nın yaydığı məlumata əsasən, iyunun 4-də DSX-nin sərhəd qoşunlarının Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Belə ki, həmin tarixdə sərhəd naryadı tərəfindən dövlət sərhədində Azərbaycan Respublikasının vətəndaşları - 1983-cü il təvəllüdlü Hacılı Ramin və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin saxlanılıb.
İlkin araşdırma zamanı Ramin Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd etməsini, Fəxrəddin Qasımovun isə bu əməlin həyata keçirilməsində ona kömək etməsini etiraf edib. R.Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qaytarmağa çalışmasını bildirib.