Qobustan rayonunda gəlinin həyat yoldaşı və qaynanasına xəsarət yetirməsi barədə təfərrüat məlum olub.
Rayonun Poladlı kənd bələdiyyəsinin sədri Tarverdi Astanov oxu.az-a bildirib ki, hadisə dünən saat 12:00-13:00 radələrində baş verib:
“Gəlinin həyat yoldaşı ilə mübahisəsi yaranıb və qəfədanı onun başına vurub. Daha sonra o, yemək bişirmək üçün ət doğrayan zaman qaynanası ilə mübahisə etməyə başlayıb. Bu zaman əlindəki balta ilə onu yaralayıb. Qayınana Bakıya aparıb və başına tikiş vurulub”.
Tarverdi Astanov qeyd edib ki, gənc ailə valideynləri ilə birlikdə yaşamırlar:
“Onlar xırdabuynuzlu heyvandarlıqla məşğul olurlar. Ağababa Əkbərov heyvanları 15 gün yaylağa çıxarır. Həmin vaxt gəlin qaynanası ilə birlikdə yaşayır. May ayından isə yoldaşı yaylaqdan gəlib və birlikdə qaynanası ilə yaşayırlar. Kəndə ailə haqqında söz-söhbət eşitməmişik. Cütlüyün iki azyaşlı uşağı var”.
* * * * *
Qobustan rayonunda gəlin həyat yoldaşı və qaynanasına xəsarət yetirib.
Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Poladlı kəndində baş verib.
Həmin kənddə yaşayan 1992-ci il təvəllüdlü İbrahimova Siyatel Adil qızı ailə münaqişəsi zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Əkbərov Ağababa Əkbər oğlu ilə mübahisə edib.
Mübahisə nəticəsində S.İbrahimova əlindəki metal qəfədanla əri A.Əkbərovun baş nayihəsinə zərbə endirərək ona xəsarət yetirib.
Hadisədən bir neçə saat sonra S.İbrahimova balta ilə ət doğrayarkən qayınanası Tahirə Əkbərova ilə mübahisə edib. Nəticədə gəlin əlindəki balta ilə qaynanasının baş nayihəsinə zərbə endirərək ona xəsarət yetirib.
Faktla bağlı Qobustan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 127. 1-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.