Bakı Apellyasiya Məhkəməsində Qazax rayon sakini Namiq Vəkilovun (1985-ci il təv.) CM-nin 120.2.5 (tamah məqsədi ilə qəsdən adam öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərşəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə məhkum olunmasına dair apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, ötən il fevralın 24-də Hövsan qəsəbə sakini Morozova Anjelika Vasilyevnanın (1963-cü il təv.) yaşadığı mənzildə, üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi məlumatı əsasında, Suraxanı RPİ və rayon prokurorluğu əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilib. Suraxanı rayon prokurorluğunda başlanan cinayət işi istintaqın davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna həvalə edilib. Təyin edilən məhkəmə-tibbi ekspertizasının rəyinə görə, A.Morozovanın ölümünə mexaniki asfiksiya, yəni boğulma səbəb olub.
Qətlə yetirilən qadın tək yaşayıb. Hadisəni törədən şəxs mənzilin qapısını bağlayaraq, ərazidən uzaqlaşıb. Morozovaya zəng edən yaxınları, onun cavab vermədiyini gördükdə polisə müraciət ediblər.
Ayın 28-də keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Suraxanı RPİ 30-cu polis bölməsinin əməkdaşları mərhumun tanışı Namiq Vəkilovu Qazax rayonu ərazisində tutublar.
O, etiraf edib ki Anjelikadan 500 manat borc pul alıb, bir müddətdən sonra qadın pulunu istədikdə, həmin məbləği qaytara bilməyəcəyini başa düşüb və buna görə də onu öldürüb.
Ayın 21-də Namiq Vəkilov Xətai rayonunda yerləşən aptekdən psixotrop tərkibli "Tramadol" həbləri alıb və oradan avtobusla Hövsana gəlib. Qadının süzdüyü çay fincanına dərmanı əzib, toz şəkilində tökərək 15-20 dəqiqədən sonra onun halsız vəziyyətə düşməsinə nail olub. Morozova çarpayıya uzandıqda, başına selofan paket keçirərək, onu qəsdən həyatdan məhrum edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən məhkum apellyasiya şikayəti verərək, cəzasının azaldılmasını xahiş edib.
Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq N.Vəkilovun şikayətini təmin etməyib və hökmü dəyişdirilmədən saxlayıb.