Bakı Ağır Cinayətlər Məhkəməsində Xəyyam Səlimxanov, Murad Həsrətov, Tunar Nağızadə, Emin Əliyev və İlham Ramazanovun CM-nin 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, hadisə ötən il yanvarın 7-də Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi 134 ünvanında yerləşən "Nənəmin Təndiri" restoranın yaxınlığında baş verib. Əraziyə toplaşan iki kriminal qruplaşmanın 15-20-yə yaxın üzvünün mübahisəsi zamanı odlu silahlardan istifadə olunub. Hadisə zamanı heç kim xəsarət almayıb. İstintaq-əməliyyat qrupu hadisə yerinə baxış keçirərkən tapanca gilizləri aşkar ediblər.
Məhkəmənin hökmü ilə Xəyyam Səlimxanov, Murad Həsrətov, Tunar Nağızadə, Emin Əliyev 2 il 6 ay, İlham Ramazanov isə 1 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.
Qeyd edək ki, X.Səlimxanov universal döyüş idman növü üzrə dünya və avropa çempionu olub.