Bakı Ağır Cinayətlər Məhkəməsində Rafət Əmirov, Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov və İsmayıl İbrahimovun CM-nin 29,144 (adam oğurluğuna cəhd), 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, satma, saxlama və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəəri şəxsi istahlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, ötən il iyulun 11-də Nəsimi RPİ-nə Rüfət adlı şəxsin üzərində odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən əməliyyat tədbiri nəticəsində Şirvan şəhər sakini Rüfət Əmirov saxlanılıb. Baxış zamanı onun üzərindən "Makarov" markalı tapanca, bir ədəd darağ və 7 ədəd patron aşkar edilib.
Saxlanılan şəxs bildirib ki, tapancanı bir neçə il əvvəl RF-da naməlum şəxsdən alıb və qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirib.
Araşdırma zamanı məlum olub ki, Əmirov adam oğurluğunda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin sorğusu əsasında İnterpol tərəfindən axtarışdadır.
Həmçinin müəyyən edilib ki, o "Rafət Əlibayramlinski" kimi tanınan kriminal avtoritet Rafət Əmirovun qardaşıdır. Sonuncu isə "Lotu Quli"nin adamı kimi tanınıb.
İstintaqın gedişatında cinayət məsuliyyətinə Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov və İsmayıl İbrahimov cəlb olunublar.
Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış mayın 23-nə təyin edilib.