Bu günə qədər müxtəlif cinayətlər törətmiş 31 azərbaycanlı qadın İnterpol xətti ilə axtarışa verilib.
Median.Az xəbər verir ki, azvision.az-ın apardığı araşdırmaya əsasən, axtarışa verilən qadınlardan ən qocamanı 71 yaşındadır. 1946-ci il təvəllüdlü Fatimat Zairbəyova külli miqdarda mənimsəmə, qaçaqmalçılıq, saxtakarlıq və yalan informasiya verməkdə təqsirli bilinir.
Digər cinayətkar - 70 yaşında olan 1947-ci il təvəllüdlü, Masallı rayon sakini Rəna Həsənova fırıldaqçılığa görə axtarışa verilib.
İnterpol vasitəsilə axtarılan Almara Hüseynovanın isə 69 yaşı var. 1948-ci il təvəllüdlü, Naftalan şəhər sakini olan A.Hüseynova bir qrup şəxs tərəfindən mütəşəkkil fırıldaqçılıqda ittiham olunur.
Beynəlxalq miqyasda axtarılan azərbaycanlı qadınların ən cavanı 33 yaşındadır. 1984-cü il təvəllüdlü Qızqayıt Hacıyevanın barəsində insan alverinə görə axtarış elan edilib.
Ümumilikdə isə İnterpol vasitəsilə axtarılan azərbaycanlı qadınların əksəriyyəti insan alverçiləridir. Onlar eyni əməli təkrar törətməkdə, qadınları pul müqabilində müxtəlif ölkələrdə satmaqda ittiham olunurlar. Bundan əlavə, xuliqanlıq, saxta sənədlərdən istifadə, oğurluq faktları ilə axtarışda olanlara da rast gəlmək mümkündür.