Rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin sabiq baş direktoru Saleh Novruzi, sabiq direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin sabiq müdiri Tahir Vəliyevin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.
Median.Az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Saleh Novruzi ifadə verib.
O bildirib ki, ittihamla tanış olanda orada adları qeyd olunan fiziki şəxsləri tanımayıb:
"Mən əməkdaşların heç birindən pul almamışam. Çantamdan çıxan pul oğluma aid olub. Bizim işimiz ölkəyə idxal olunan qeyri-qida məhsullarına gigiyenik sertifikatın verilməsi idi. Vətəndaş məhsulun kodu ilə bizim mərkəzə yaxınlaşır, sənədləri təqdim edir, doğruluğu yoxlanıldıqdan sonra məhsul laboratoriyaya verilir. Məhsulun növündən asılı olaraq ödəniş edilir. Burada iki rüsum var, biri dövlət, digəri də laboratoriyanın rüsumudur. Pullar bank hesabına ödənilir. Məbləğ məhsula görə dəyişir".
Saleh Novruzinin sözlərinə görə, məhsulun müayinəsi bitəndən sonra laboratoriya sənədləri ilə birgə komissiyaya təhvil verilir:
"Komissiyanın sədri mən idim, cəmi yeddi nəfərdən ibarətdir. Komissiya nəzərdən keçirdikdən sonra üzvlər sənədlərə qol çəkirlər və sertifikat verilir".
Təqsirləndirilən şəxs bildirib ki, ofisdə axtarış zamanı çantasında tapılan 30 min manat pul oğluna məxsus olub və ev almaq üçün ona verilib.
"Bu barədə istintaqa bildirməməyimin səbəbi səhhətimlə əlaqədar idi. Həmin pula Masazırda ev alacaqdıq", - o bildirib.
Məhkəmənin növbəti iclası fevralın 25-də keçiriləcək.
İttihama görə, sözügedən şəxslər əlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal və daxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması və digər bu kimi qanunsuz hərəkətləri müqabilində işlədikləri quruma müraciət etmiş ayrı-ayrı vətəndaşların külli miqdarda pul vəsaitlərini rüşvət qismində alıblar.
Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvətalma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Hər üç şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.