İkisi təqaüdçü olmaqla dörd nəfəri piramida şəbəkəsinə cəlb edən "Defanti Team" MMC-nin filial müdiri həbs edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Fikrət Şakir oğlu Talıbov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Fikrət Talıbov müştərilərə söz verib ki, ona verəcəkləri pulu şirkət vasitəsilə Rusiyada yerləşən restoranlara investisiya olaraq qoyacaq. Oradan gələn gəlirdən isə həm müştəri, həm də şirkət hər ay pul qazanacaq.
Bu niyyətlə zərərçəkmişlərin birindən 25 840, birindən 11 000, birindən 10 200, sonuncudan isə 3 400 manat alıb.
Onun əməlindən başqa əziyyət çəkənlərin də olduğu istisna edilmir. Hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq davam edir.
Aldanıb 25 mindən çox pulunu itirən zərərçəkmişin 70 yaşı var. Ahıl qadın şəhərdə təmizlikçi işləyir.