Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq şöbə rəisi Məlikməmməd Qurbanov barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsində məhkəmə keçirilib.
Apa xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Dövlət ittihamçısı Elfanə Bayramova bildirib ki, Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmə əsasən cəza cinayət işi üzrə maddələrin tələbindən 2 dəfədən çox azdır: “Təqsirləndirilən şəxs dövlətə dəyən ziyanın çox cüzi hissəsini ödəyib. Ümumi ziyan 25 456 438 manat təşkil edir. Lakin təqsirləndirilən Məlikməmməd Qurbanov 542 438 manat ödəyib. Bakı Hərbi Məhkəməsində dövlət ittihamçısı şəxsin hərbi rütbəsi alınmaqla 12 il 6 ay azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə 4 il azadlıqdan məhrum edilmə hökmü çıxarıb”.
İclasda təqsirləndirilən şəxs çıxış edib. M. Qurbanov bildirib ki, ömrünün çox hissəsini Azərbaycan Silahlı Qüvvələrində xidmət edib: “Mən 4 il həmin vəzifədə xidmət etmişəm. Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin əmrlərini yerinə yetirmişəm. Fərqi yoxdur əmrlər şifahidir, ya yazılı. Mənə çatan pulu ziyan olaraq ödəmişəm”.
Həmçinin təqsirləndirilən şəxsin vəkili Ceyhun Məmmədov çıxış edərək bildirib ki, prokurorun protesti əsassızdır:
“Müdafiə etdiyim şəxs özünün mənimsədiyi pulu tam olaraq ödəyib. Biz araşdırma zamanı bildirdik ki, Nəcməddin Sadıkovu çağırıb dindirmək lazımdır. O, artıq hərbçi deyil, sadə vətəndaşdır. Lakin istəyimiz təmin olunmadı. Hətta müdafiə etdiyim şəxsin cəzasının şərti olması üçün də vəsatət qaldırsaq da, vəsatət təmin edilmədi”.
Proses dekabrın 2-də davam etdiriləcək.
Qeyd edək ki, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. 2019-cu ildə ehtiyata buraxılıb.
2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham verilib.