Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs Nihad Raiq oğlu Əliyevin məhkəmə prosesinin növbəti iclası keçirilib.
"Unikal"ın məlumatına görə, iclasda dövlət ittihamçısı Tural Yaqubov ittiham aktını elan edib.
Məlum olub ki, Nihad Əliyev tanışı Tamam Nəbiyevaya ABŞ-dən hərrac yolu ilə 2018-ci ildə istehsal olunmuş "Mercedes" markalı avtomobil gətirmək adı ilə onun Yasamal rayonunda yerləşən 161 min manatlıq mənzilini Qabil Yasin oğlu Abbasova notarius yolu ilə 110 min manata sataraq pulu götürüb. Ümumilikdə Tamam Nəbiyevanın bank kartından göndərilən məbləğlərlə birgə 234 461 manat pulunu tamah niyyəti ilə ələ keçirib.
Təqsirləndirilən şəxs Nihad Əliyev hakimin "özünüzü bu işdə təqsirli bilirsiniz?" sualına cavab verməyib və halının pis olması ilə əlaqədar məhkəmə prosesinin təxirə salınmasını istəyib.
Məhkəmə prosesi 17 sentyabr tarixinə kimi təxirə salınıb.
Qeyd edək ki, zərərçəkən Tamam İsmayıl qızı Nəbiyeva orta məktəbin müəllimidir.