Martın 6-da saat 00:15-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində 1998-ci il təvəllüdlü İlham Haqverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə “Report”a Qaradağ Rayon Prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, araşdırmalarla 2006-cı il təvəllüdlü Məzahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı İlham Haqverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Məzahir Bayramov iş üzrə prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
* * * * *
Martın 6-da saat 2 radələrində Qaradağ rayonu ərazisində 1998-ci il təvəllüdlü İlham Sabir oğlu Haqverdiyevin kəsici-deşici alətlə yetirilən xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Məzahir Elşən oğlu Bayramov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.