Bakıda ərini öldürməkdə təqsirləndirilən Gülnar Vəlizadənin barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası martın 5-nə təyin edilib.
O, cəzasının yüngülləşdirilməsini istəyir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
Qeyd edək ki, hadisə 2022-ci ilin yanvarında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Elşən Əlizadə həyat yoldaşı 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. G.Vəlizadəyə qarşı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.