Naxçıvan polisi tərəfindən vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən və əldə olunmuş vəsaiti cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə göndərən dəstə üzvlərinə qarşı əməliyyat həyata keçirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, keçirilən tədbir nəticəsində əvvəllər qaçaqmalçılıq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Naxçıvan şəhər sakinləri Qadir Quliyev və Toğrul Zöhrabov saxlanılıblar. Onlar şantaj etdikləri şəxsdən pul vəsaiti alarkən Naxçıvan MR DİN-in Cinayət-Axtarış İdarəsinin əməkdaşları tərəfindən tutulublar.
Həmin şəxslər istintaqa verdikləri ifadələrində törətdikləri cinayət əməlini etiraf ediblər.
Saxlanılan şəxslərin hər biri barəsində Naxçıvan MR-in Daxili İşlər Nazirliyinin Təhqiqat və İstintaq İdarəsində araşdırmalar aparılır.
Onların ətraflarının və cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.