Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Elgün Malıyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, üç il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, hadisə 12 avqust 2023-cü il tarixdə, saat 22 radələrində İmişli rayonu, Yalavac kəndində qeydə alınıb.
Belə ki, Elgün Malıyev yaşadığı evin küçə qapısı qarşısında həmyerlisinin idarə etdiyi “Nissan Sunny” markalı avtomobili saxlayıb, qohumu, zərərçəkmiş Elman Səfərovla (soyadı şərti) söhbət etdiklərini görüb. Bu zaman o, həmin şəxslərə yaxınlaşaraq, avtomobilə minib sürüb çıxıb getmələrini tələb edib. Sonra onun zərərçəkmiş şəxslə arasında mübahisə yaranıb. Nəticədə Elgün əsəbiləşərək həyətinə keçib, küçə darvazasının arxasında yerə sancılmış armatur parçasını əlinə götürüb. O, yenidən küçəyə çıxaraq Elmanın qarın nahiyəsinə armatur parçası ilə bir dəfə qəsdən vuraraq, ona xəsarət yetirib.
Hadisədən sonra Elgün Malıyev cinayət məsuliyyətinə cəlb edilib.
Qeyd edək ki, zərərçəkmiş Elman Səfərov təqsirləndirilən Elgün Malıyevin qayınatasının əmisi nəvəsidir.