Bakıda küçədə törədilən qətllə bağlı cinayət işi başlanıb.
Bu barədə Nərimanov rayon prokurorluğundan bildirilib.
Məlumata görə, aparılan araşdırma zamanı 1985-ci il təvəllüdlü Rövşən Quliyevin Nərimanov rayonu S.Ələsgərov küçəsi ərazisində aralarında yaranmış mübahisə zamanı Sevinc İbrahimovaya kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, prokurorluğun qərarı ilə Rövşən Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
* * * * *
Fevralın 13-də saat 17:30 radələrində paytaxtın Nərimanov rayonunda küçələrin birində İbrahimova Sevinc Rəfail qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının keçmiş həyat yoldaşı 1985-ci il təvəllüdlü Quliyev Rövşən Eldar oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
Araşdırma aparılır.