Ötən gün Gəncə şəhərində baş verən qətllə bağlı bəzi detallar məlum olub.
Hüquq-mühafizə orqanlarından Oxu.Az-a bildirilib ki, iki qonşu arasında baş verən mübahisə yun təmizləmək üstündə olub.
Belə ki, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədova yaşadığı binanın qarşısında yun çırpırmış. Bu zaman 1980-ci il təvəllüdlü Məhəbbət Əhmədova ondan binanın qarşısında yun çırpmamasını istəyib. Nəticədə tərəflər arasında münaqişə yaranıb, bir-birinin ünvanına nalayiq ifadələr işlədiblər.
Bu zaman M.Əhmədova kəsici-deşici alətlə S.Məmmədovanın ürək nahiyəsinə zərbə endirib.
O, hadisəni törətdikdən sonra Qazax rayonuna qaçsa da, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
M.Əhmədovanın psixoloji problemləri olduğu bildirilir.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda istintaq davam edir.
* * * *
Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Gəncə şəhər prokurorluğundan verilən məlumata görə, aparılan araşdırmalarla zərərçəkmişin qonşusu 1980-ci il təvəllüdlü Məhəbbət Əhmədovanın yaşadıqları binanın qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Sücayət Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhəbbət Əhmədova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq davam edir.