Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib, sərhəd zastavası “Silaha” komandasına qaldırılaraq ərazi qapadılıb.
DSX-nin Mətbuat mərkəzindən verilən məlumata görə, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Füzuli rayonunun Araz-Zərgər kəndi ərazisində gizlədilmiş yerdən iki ədəd bağlamanı götürərək “Toyota Camry” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən iki nəfər şübhəli şəxs saxlanılıb.
Avtomobil sürücüsünün Moskva şəhər sakini 1977-ci il təvəllüdlü Vəliyev Hüseyn Vəlixan oğlu, sərnişinin Hacıqabul şəhər sakini 1976-cı il təvəllüdlü Məmiyev Teymur Adil oğlu olmaları müəyyənləşdirilib, onların götürdükləri bağlamalara keçirilən baxış zamanı ümumi çəkisi 14 kiloqram 500 qram narkotikə (8 200 qram marixuana, 4 200 qram heroin, 2 100 qram metamfetamin) və 690 ədəd “Metadon-40” psixotrop tərkibli dərman həbinə bənzər maddə aşkar olunub.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.