Ukraynanın paytaxtı Kiyevdə bir qrup azərbaycanlı hücuma məruz qalıb.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, hadisə mayın 28-də axşam saatlarında bazarların birində qeydə alınıb.
Belə ki, Əliverdi və Fikrət Məmmədov qardaşları, eləcə də daha bir neçə azərbaycanlı polis geyimində olan naməlum şəxslər tərəfindən döyülüblər.
Soydaşlarımıza qarşı “beşbarmaq” adlı soyuq silahdan istifadə edilib.
Yaralı azərbaycanlılar Kiyev şəhər Travmatologiya Mərkəzinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə azərbaycanlıların döyülməsi faktını nəzarətə götürüb. Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bununla bağlı müvafiq tapşırıq verib.
Bildirilib ki, Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşı, konsul və diaspor nümayəndələri xəstəxanadakı yaralılara baş çəkiblər.
Eyni zamanda onlar Ukrayna hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ilə görüşərək araşdırmanın gedişatını nəzarətə götürüblər.