Gəncə şəhər sakini olan qadın Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək, yaşadığı evin qarşısında tanımadığı bir şəxsin onu itələyərək yerə yıxdığını və içərisində 100 manat olan pul kisəsini götürərək hadisə yerindən qaçdığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus pul kisəsini soyğunçuluq yolu ilə mənimsəməkdə şübhəli bilinən şəxsin şəhər sakini, 33 yaşlı Pərviz İsmayılov olması müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.
Bundan başqa RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Mədət-zadə saxlanılaraq polis idarəsinə gətirilib. Şəxsi axtarış zamanı onun üzərindən 450 qram narkotik vasitə olan “tiryək” aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.