Bakının Binəqədi rayonu S.S.Axundov küçəsində naməlum şəxs paytaxt sakini olan bir qadının içərisində pul və mobil telefon olan çantasını soyğunçuluq yolu ilə talayaraq hadisə yerindən qaçıb.
Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Zərərçəkən xanımın müraciəti əsasında ərazinin yaxınlığında olan Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən həmin şəxs təqib edilərək “isti” izlərlə yaxalanıb.
Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə təhvil verilən şübhəli şəxsin paytaxt sakini əvvəllər məhkum olunmuş Niyazi Fərəməzov olduğu müəyyən edilib. Bölmədə onun üzərində axtarış aparılarkən zərərçəkənin çantası, eləcə də pul və mobil telefon aşkar edilərək götürülüb. N.Fərəməzovun Binəqədi rayonunda hündürmərtəbəli binaların girişlərindən velosipedlər oğurladığı da məlum olub.
N.Fərəməzov barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.