Şirvanda beş mənzildən nağd pul, qızıl-zinət və məişət əşyaları oğurlanıb.
Baku TV xəbər verir ki, Şirvan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunan, 27 yaşlı Qafarlı Əlizadə saxlanılıb.
Onun evindən narkotik vasitə olan heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb. Səkkiz ədəd sellofan bükümdə qablaşdırılan narkotik vasitə satış məqsədi üçün nəzərdə tutulub.
Axtarış zamanı mənzildə müxtəlif mobil telefonlar və məişət əşyaları aşkar edilib. Bunların narkotik vasitələrin satışı müqabilində əldə edildiyi ehtimal olunub.
İstintaq zamanı müəyyən edilib ki, ünvanda aşkarlanan rəqəmsal televizor oğurluq olub. Həmin televizoru ona narkotik əvəzinə silsilə oğurluqlar edən şəxslər verib.
Digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluqlar edən 24 yaşlı Fərhad Eyvazov və həmyaşıdı Qəribağa saxlanılıb. Əlbir oğrular beş evdən, ümumilikdə, 45 min manat dəyərində qızıl-zinət, nağd pul, elektron və digər məişət əşyaları oğurlayıblar.
Bu ilin yanvar ayının 29-da onlar Şirvan sakini Günay Gözəlovaya məxsus mənzildən 11 min 290 manat dəyərində müxtəlif növ qızıl-zinət əşyaları və 800 ABŞ dolları nağd pul oğurlayıblar.
Qarətçilər may ayında Şirvan sakini Xəyalə Mehdiyevaya məxsus mənzildən mobil telefon, 320 manat dəyərində qızıl, 1900 manat və 10 min ABŞ dolları nağd pul oğurlayıblar.
Bu azmış kimi, onlar iyun ayında Şirvan sakini, Həyat Əliyevaya məxsus mənzildən 700 manat dəyərində noutbuk, 290 manat dəyərində mobil telefon, 8600 manat dəyərində qızıl-zinət əşyaları - ümumilikdə 9650 manat məbləğində ziyan vurmaqla oğurluq ediblər.
Avqust ayında Şirvan sakini Fikrət Axundova məxsus mənzildən bir ədədi 1300 manat dəyərində iki ədəd plazma televizor, 700 manat dəyərində noutbuk və digər məişət əşyaları, ümumilikdə, 2150 manat oğurlanıb.
İstintaq daha bir evdən oğurluq edilməsi barədə məlumat əldə etsə də, həmin evin sahibi şəhərdə olmadığından oğurlanan əşyalar barədə məlumatlar onun müraciətindən sonra araşdırılacaq.
Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Faktla bağlı Şirvan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma davam etdirilir.