Avqustun 5-də saat 01:00 radələrində Şəmkir rayonu ərazisində 1995-ci il təvəllüdlü Sənan Quliyevə çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Şəmkir rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1999-cu il təvəllüdlü Mixail Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək, Sənan Quliyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Mixail Quliyev təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Şəmkir rayon məhkəməsinin qərarı ilə həbs qətimkən tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.