Dünən saat 21 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinin ərazisində 1986-cı il təvəllüdlü Ramilə Quliyevaya yaşadığı evdə çoxsaylı xəsarətlər yetirilməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.
Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, araşdırmalarla Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Anar Əlizadənin baldızı - 34 yaşlı Ramilə Quliyevaya aralarında yaranmış mübahisə zəminində hazırda istintaqa məlum olmayan kəsici-deşici alətlə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri üzrə cinayət işinə başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
Qeyd olunur ki, iş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən Anar Əlizadənin tutularaq istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.