Bakının Xətai rayonunda mənzildən oğurluq hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
1992-ci il təvəllüdlü Orxan Bağırlı 36-cı Polis Bölməsinə müraciət edib. O, ifadəsində 2019-cu ilin martından 2020-ci ilin aprelinə qədər evindən ümumilikdə 13 min manat pul oğurlandığını bildirib. Zərərçəkmiş uşağının dayəsi - 1973-cü il təvəllüdlü Ağstafa rayon sakinini oğurluqda günahlandırıb.
Hazırda polis əməkdaşları şübhəlinin tutulması üçün tədbirlər görür. Sonuncunun günahı hələ sübut olunmadığı üçün onun kimliyi açıqlanmır.
Qeyd edək ki, son bir gün ərzində paytaxtda 18 oğurluq hadisəsi qeydə alınıb, onlardan dördünün üstü açılıb. Oğurluqların əksəriyyəti kiçik həcmlidir.